İqlim dəyişməsi prosesi

   Akademik Zərifə Əliyeva adına məktəb.

 

            İqlim dəyişməsi prosesi.
   

 

    

·     Hazırladı:  9a2 sinif şagirdləri Cəfərli Orxan və Əliyev Qurban.

·     Fənn:İnformatika

·     Müəllim: Həsənova Nazlı.


·     Azərbaycan respublikasında ekoloji siyasətin əsas istiqamətləri. 
 

Azərbaycan Respublikası  zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün  Respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar,  atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması,  torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.

1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan  ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün Beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada  iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi,  üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Buna nail olmaq üçün ilk növbədə iqtisadiyyatın  səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin  qorunması təmin olunmalıdır.
Rio konfransının davamı kimi 2002-ci ildə Yoxannesburq
CAR-ın pay şəhərində keçirilmiş Dünya sammitində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanmışdır.         

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır.
Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin  iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir.
Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi «Dayanıqlı inkişaf» prinsiplərinə əsaslanan «Azərbaycan Respublikasının ekoloji Konsepsiyası»nı qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə
əsas prinsiplər öz əksini tapmışdı.
 

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir.
İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur.
Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini  müəyyənləşdirmək olar:

  • ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə Davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
  • indiki və gələcək nəsllərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
  • qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

         Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifə və prinsiplər əsas götürülməlidir.

  • ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi;
  • indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən,  stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi;
  • eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;
  • insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi  qorunub saxlanılması.

Prinsiplər:

  • qısa müddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması;
  • ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi;
  •  ətraf mühitin hər hansı komponentinin  bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin   qarşısının alınması;
  • ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;
  • beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;
  • əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi.

          Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi respublikamızda Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazasının yaradılmasını, ətraf mühit üzrə Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi yolu ilə  prioritet layihələrin tədricən realizə olunmasını    qeyd etmək olar.

         Keçid dövründə respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə də  yeni metod və prinsiplər üzə çıxarılır. Bu baxımdan ETSN tərəfindən hazırlanmış və 2003-cü ildə Ölkə prezidenti tərəfindən təsdiq olunmuş «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram ekoloji siyasəti daha da təkimlləşdirilmiş səviyyədə özündə əks etdirərək, onun tətbiq edilməsi üçün imkanlar yaratdı.     

Bundan əlavə, əhali arasında ekoloji təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində  ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması mühüm məsələlərdəndir. Son illər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş ətraf mühitlə bağlı bir sıra qanunlar bu sahədə mövcud olan boşluqların doldurulması üçün böyük imkanlar açır.
Mövcud problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf ,  Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar qurulur.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan Respublikası bu günə kimi 20  konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.   

Ətraf mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını müəyyənləşdirmək və  ekoloji tarazlığı təmin etmək məqsədilə Dövlət proqramları və layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını yaxın gələcəkdə mümkün edəcəkdir.

 

 

 

   2010-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş işlər.[S1] 

Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin qorunması prioritet istiqamətlərdəndir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin dövlət başçısı tərəfindən “Ekologiya ili” elan olunması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.


2010-cu il-Ekologiya ilində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Respublikamızın paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir. “Ümumdünya Ətraf Mühit Günü-2010”-a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
Ümumdünya Ətraf Mühit Günü ötən il “Çoxlu növlər, bir planet, bir gələcək” devizi altında keçirilmiş və tədbirlərdə iştirak etmək məqsədilə UNEP-in Avropa Bürosunun direktoru cənab Kristof Buvye Bakıda olmuşdur.
2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələ şəhərində UNEP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviyyəsində konfrans keçirilmiş və yekun sənəd olaraq “Qəbələ Bəyannaməsi” qəbul olunmuşdur.
“Ekologiya ili” çərçivəsində 2010-cu ilin 16-18 sentyabr tarixlərində Bakı şəhərində “Azərbaycan Yaşıl Dünya naminə” Beynəlxalq ekoloji sərgi təşkil olunmuş, açılışda ölkə rəhbəri İlham Əliyev iştirak etmiş və nümayiş olunan eksponatlarla tanış olmuşdur. Sərgidə beynəlxalq və yerli şirkətlərlə yanaşı, aidiyyəti dövlət qurumları, ekoloji QHT-lər öz eksponatlarını nümayiş etdirmişlər.
5-6 oktyabr tarixlərində Qəbələdə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının 22-ci sessiyası keçirilmişdir. Sessiyada regionda hidrometeoroloji fəaliyyətin əlaqələndirilməsi, məlumatlar mübadiləsinin tənzimlənməsi, müasir hidrometeoroloji müşahidə və təhlil texnologiyalarının tətbiqi, birgə elmi-tədqiqat işlərinin aparılması, normativ və metodiki sənədlərin işlənilməsi və s. məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə ETSN tərəfindən 2010-cu ildə 76 min əhalisi olan 34 yaşayış məntəqəsində su təmizləyici qurğular quraşdırılmış, 45 min əhalisi olan daha 29 yaşayış məntəqəsində isə quraşdırma işləri davam etdirilir.
2010-cu ilin sonunda dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilmişdir. 
Ötən il ərzində “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair”, “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilmişdir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair   2006–2010–cu illər üçün Kompleks Tədbirlər Planı” nın icrasını təmin etmək   məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində   mühüm tədbirlər həyata keçirilmişdir.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu il ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 828 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 862 icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 815 iş üzrə 6,1 milyon manat məbləğində cərimə tətbiq edilmişdir.
İl ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmişdir. Bunun nəticəsində, hazırda, ölkəmizdə ümumi sahəsi 890026,2 ha olan xüsusi mühafizə olunan təbiət əraziləri-8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
2010-cu il ərzində milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 624 akt, 187 protokol tərtib edilmişdir. Tərtib olunmuş akt və protokollara əsasən təbiətə 63983,18 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 114910 manat məbləğində cərimə tətbiq edilmişdir. 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 54 iş rayon məhkəmələrinə göndərilmişdir.
Meşələrin bərpa olunması və artırılması istiqamətində 2010-cu il üçün bütün sahələr üzrə müvafiq tədbirlər görülmüşdür.
Belə ki, meşə və qeyri-meşə fondu torpaqlarında 10550 hektara qarşı 10692 hektara sahədə meşəbərpa işləri aparılmışdır. Bundan 3521 hektarda meşə əkini və səpini, 7171 hektarda isə təbii bərpa işləri olmuşdur.
Respublikanın meşə mühafizə işçiləri tərəfindən 245 min manat köküstə nırx dəyərində 34 min m³ həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 295 iş hüquq mühafizə orqanlarına göndərilmişdir.
İl ərzində magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması və ətraf mühitin sağlamlaşdırılması məqsədilə ərazilərdə aqrotexniki qaydalara əməl olunmaqla müxtəlif ağac və kol bitkiləri əkilmişdir.
Belə ki,  Bakı-Ələt-Hacıqabul, Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı,
Əzizbəyov- Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində, Bakı-Şamaxı magistral avtomobil yolunun Pirəkəşkül-Çaylı hissəsində,         Bakı-Quba magistral avtomobil yolunun Z.Tağıyev qəsəbəsi-Zabrat hissəsində, Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsində, o cümlədən Günəşli və Bayıl yamaclarında suvarma sistemi qurulmuş,  torpaq hamarlama işləri aparılmış və  müxtəlif növ ağac və kol bitkiləri əkilmişdir.
Su bioresurslarının artırılması və mühafizəsi sahəsində də müvafiq tədbirlər görülmüşdür.

2010-cu ildə 439,4 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və təbii yolla artırılıb su hövzələrinə buraxılmışlar. Müəyyən edilmiş proqnozlara bütün növlər üzrə 101,2 faiz əməl olunmuşdur.
İl ərzində brokonyerlərdən 7 qayıq, 4 mühərrik, 125 tor, 3300 qırmaq-kalada, 785 ədəd müxtəlif növ balıq götürülmüşdür.
2010-cu il ərzində Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılması davam etdirilmişdir.
Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazilərinin ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə yaradılmış “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi”nin fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. 
Belə ki, 2010-cu ilin avqust ayında Tufandağ ərazisində (4161 m hündürlükdə) sonuncu - 3-cü Avtomat Meteoroloji Stansiya quraşdırılmış, günəş enerjisi ilə təmin olunaraq istifadəyə verilmişdir. Şahdağ zirvəsinə yaxın ərazidə (3600 m hündürlükdə) əlavə müşahidə və texniki xidmət binasının tikintisi başa çatdırılmış və burada yerləşən Avtomat Meteoroloji Stansiya əlavə günəş və külək enerjisi ilə təmin olunmuşdur.
2010-cu il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilmişdir.
Xəzər dənizi və onun sahil zolağında ötən il ərzində ekoloji tarazlığın qorunması istiqamətində bir sıra işlər həyata keçirilərək sahilboyu ərazilərdə 1427, dənizdə isə 4 monitorinq aparılmışdır. Eyni zamanda, monitorinqlər nəticəsində 4045 ədəd su, 178 ədəd qrunt, 6 qazma məhlulu, 8 şlam nümunələri götürülərək 21951 analitik, 9896 bioloji və ekotoksikoloji, 6286 mikrobioloji olmaqla, ümumilikdə, 38133 tədqiqat aparılmışdır.
Geoloji axtarış işləri Baş Qafqazın cənub yamacı, Kiçik Qafqaz, Naxçıvan və Qərbi Xəzəryanı ərazilərdə aparılmışdır.
Axtarış işləri nəticəsində bu bölgələrin müxtəlif sənaye genetik tipli filiz, qeyri-filiz və kifayət qədər yüksək təlabata malik inşaat materialları yataqlarının axtarışı üçün perspektivliyi müəyyən edilmişdir.
Belə ki, Baş Qafqazın cənub yamacında “qara şistlərdə” qızıl, manqan, molibden, nikel, kobalt, civə filizləşməsinin bir sıra klarkdan dəfələrlə yüksək tutumlu təzahürləri aşkar edilmişdir.


2010-cu il ərzində Dövlət Ekspertizası üzrə 2832 müraciət daxil olmuşdur.
Təqdim olunmuş müraciətlərin böyük əksəriyyəti Respublikada sahibkarlığın inkişafı ilə əlaqədar olaraq ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən, dövlət təşkilatlarından və vətəndaşlar tərəfindən daxil olmuşdur.
2010-cu ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət ardıcıllıqla davam etdirilmiş, bir sıra region dövlətləri, inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə əlaqədar bir sıra beynəlxalq səviyyəli mühüm silsilə tədbirlər – sərgilər, konfranslar, kütləvi aksiyalar həyata keçirilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də müxtəlif ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata keçirilmişdir. Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində 3 iyun 2010-cu ildə həmin ölkənin Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Saziş imzalanmışdır. Bundan əlavə, Fransa, Litva və Suriya ölkələri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məqsədilə müvafiq layihələr hazırlanmışdır.
QEF, UNİDO, UNEP, USAİD, NATO, ATƏT, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatları ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilir.
ETSN-nin ətraf mühitin mühafizəsi üzrə çoxsahəli fəaliyyətində ekoloji təbliğat, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir.
2010-cu il ərzində Respublikanın müxtəlif regionlarında, ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur.
5 iyun-“Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi-jurnalistlər arasında yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
“Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar dənizin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə KİV nümayəndələri Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq media nümayəndələri üçün “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi altında press-turlar təşkil edilmişdir.
Ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə ETSN nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi” 2010-cu ilin avqustunda fəaliyyətə başlamışdır. Qeyd edək ki, mühazirələrin sonunda məktəbi bitirənlərə müvafiq sertifikatlar təqdim olunacaq.
2010-cu il ərzində Nazirliyin fəaliyyətini əks etdirən 350 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmış, o cümlədən KİV-də Nazirliyin fəaliyyətini əks etdirən 1900-dən artıq material dərc olunmuşdur.
Ölkə rəhbərliyi tərəfindən ekoloji problemlərin həllinə göstərilən xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illər əldə olunmuş yüksək nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş səmərəli tədbirlərin həyata keçirilməsində öz müsbət
təsirini göstərəcək.



Avropa İttifaqı – Azərbaycan Fəaliyyət Planı çərçivəsində 2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülmüş tədbirlər barədə arayış

2009-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində ekoloji durumun sağlamlaşdırılması, təbii sərvətlərin mühafizəsi sahəsində görülən işlər

2008-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkə ərazisində ekoloji durumun sağlamlaşdırılması, təbii sərvətlərin mühafizəsi sahəsində görülən işlər

Mənbə: eco.gov.az

             Azerislam.com

             Azeco.info

             


 [S1]Bu işlərin nəticə verəcəyi gozlənir.

Comments